AMEA-nın prezidenti Türkmənistanın Elm Günü tədbirlərində iştirak edib

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Aşqabad şəhərində Türkmənistanın Elm Gününə həsr edilmiş “Qüdrətli dövlətin yeni epoxasının dirçəlişi dövründə elm, texnologiya və innovativ texnologiyalar” mövzusunda beynəlxalq elmi konfransda iştirak edib.

Türkmənistan Elmlər Akademiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə Türkmənistanın elm və dövlət nümayəndələri ilə yanaşı, Türkiyə, Çin, Rusiya, İtaliya, Çexiya, Bolqarıstan, Yaponiya, Cənubi Koreya, Özbəkistan, Qazaxıstan, Tacikistan Belarus və digər ölkələrin elmi qurumlarının rəhbərləri və nümayəndə heyətləri iştirak və çıxış ediblər.

Konfransın rəsmi açılış mərasimində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun tədbir iştirakçılarına təbrik məktubu oxunub.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tədbirin plenar iclasında “Birinci Türkoloji Qurultay kontekstində Azərbaycan və Türkmənistan elmi əlaqələri” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə 1926-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş və ortaq tarixi köklərə malik olan türk xalqlarının dili, ədəbiyyatı, mədəniyyəti və ictimai fikrinin kompleks tədqiqinə həsr edilmiş Birinci Türkoloji Qurultayda qardaş Türkmənistandan olan nümayəndələrin fəal iştirakı və ortaq latın əlifbasına keçidə göstərdikləri dəstək diqqətə çatdırılıb. Həmçinin, vurğulanıb ki, Azərbaycan və Türkmənistan Prezidentlərinin qarşılıqlı səfərləri, keçirilən rəsmi görüşlər və imzalanmış sənədlər əlaqələrimizin əhatə dairəsinin müasir dövrdə daim genişlənməkdə olduğunu nümayiş etdirir. Bu istiqamətdə həyata keçirilən elmi tədbirlərin, xüsusilə türkmən ədəbiyyatının görkəmli nümayəndəsi Məhtimqulu Fəraqinin ədəbi irsi sahəsində Azərbaycanda aparılan tədqiqatların, çap olunan kitabların, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərən Məhtimqulu Fəraqi Mərkəzinin Azərbaycan-Türkmənistan elmi əlaqələrinin inkişafı istiqamətində əhəmiyyəti haqqında söz açılıb. Eyni zamanda, Türkmənistanın elm adamları tərəfindən böyük Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiqi, əsərlərinin türkmən dilinə tərcüməsi və nəşrinin iki ölkə əlaqələrinin inkişafına böyük töhfələr verdiyi qeyd edilib.

Tədbir humanitar elmlər, təbiət elmləri, informasiya və kompüter texnologiyaları, nanotexnologiyalar, innovativ iqtisadiyyat, kənd təsərrüfatı, ekologiya, tibb və digər elmi istiqamətlərə həsr edilmiş sessiyalar üzrə davam etdirilib.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli səfər çərçivəsində Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində olub və Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib. AMEA rəhbəri tərəfindən həmçinin Türkmənistanın Milli Kitabxanasında yeni yaradılmış Azərbaycan guşəsinə Azərbaycan Milli Elmlər Akademiyasında çap olunmuş kitablar hədiyyə edilib.

17.06.2026 16:00