
Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydalarında mühüm dəyişikliklər edilib.
Konsensus.az Prezident.az-a istinadən xəbər verilir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.
Görüş müddətləri yarıbayarı azaldıldı
Yeni fərmana əsasən, valideyn-namizədin uşaqla tanışlığı və ailə bağlarının qurulması məqsədilə müəssisədə keçirilən görüşlərin müddəti qısaldılıb. Bundan sonra görüşlər 1 ay müddətində (ayda ən azı 20 saat olmaqla) təşkil ediləcək. Dəyişiklikdən öncə bu müddət 2 ay təşkil edir və ayda ən azı 40 saat olmaqla həyata keçirilirdi.
0–3 yaşlı uşaqlar üçün operativ prosedur
Dəyişikliklər həmçinin körpə uşaqların övladlığa verilməsi prosesini də sürətləndirib. Yeni qaydaya görə, 0–3 yaşınadək uşaqlara münasibətdə sosial işçinin hesabatı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi adaptasiya müddətini 10 gün müddətində 6 saatadək qısalda bilər. Əvvəlki qaydada isə bu güzəşt yalnız 0–1 yaşınadək uşaqlara şamil olunurdu və müddət 20 gün daxilində 12 saatadək endirilə bilərdi.
Qərarlar övladlığa götürmə prosesində bürokratik ləngimələrin aradan qaldırılmasına və uşaqların daha qısa müddətdə aile mühitinə inteqrasiya olunmasına xidmət edir.