
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri, professor Mehdi Kazımovun rus dilində «Бадр Ширвани: сквозь призму творчества» (“Bədr Şirvani: yaradıcılıq prizmasından”) adlı monoqrafiyası işıq üzü görüb.
Konsensus.az xəbər verir ki, kitab XV əsr Azərbaycan şairi Bədr Şirvaninin həyat və yaradıcılığına həsr olunub. Nəşrdə şairin ədəbi irsi hərtərəfli araşdırılır, müxtəlif janrlarda yazdığı şeirlərin ideya-tematik əsasları, üslub xüsusiyyətləri və fərdi sənətkarlıq məziyyətləri təhlil edilir. Ən önəmlisi, ilk dəfə olaraq şairin öz divanındakı məlumatlar əsasında onun həyat yolu yenidən bərpa olunur.
Şairin həyatı və zəngin yaradıcılığı Şirvanşahlar dövlətindəki tarixi-mədəni mühitlə birbaşa bağlı olub. Onun saray şairi statusu, ölkə daxilinə və xaricə etdiyi çoxsaylı səfərlər dövrün dramatik tarixi hadisələrini yaxından müşahidə etməsinə imkan yaradıb.
Monoqrafiyada qeyd olunur ki, Bədr Şirvani orta əsrlərin estetik meyarlarına uyğun olaraq farsdilli ədəbiyyatın bütün janrlarında yazsa da, onun irsində tarixi konkretlik xüsusi yer tutur. Müəllifin qəsidələri, tərkibbəndləri, qitə və həcvləri orta əsr şəhər həyatını, cəmiyyətdəki sosial münasibətləri və saray mühitini əks etdirən bədii sənədlər xarakteri daşıyır.
Tədqiqat göstərir ki, Bədr Şirvaninin yaradıcılığı XV əsr Azərbaycan ədəbiyyatı kontekstində inkişaf edib. Bunu onun öz sələflərinin ənənələrinə sadiqliyi, şeirlərindəki folklor elementləri, həmçinin divanına Azərbaycan dilində ayrı-ayrı beyt və ifadələri daxil etməsi sübut edir.
Eyni zamanda, şairin lirikası Yaxın Şərq və Mərkəzi Asiyanın farsdilli ədəbiyyatının ümumi inkişaf qanunauyğunluqları və poetikası ilə sıx bağlıdır.
Nəşr şərqşünas mütəxəssislər, ali məktəb tələbələri və klassik ədəbiyyat həvəskarları üçün nəzərdə tutulub.