Bakıda SABAH İncəsənət Festivalının açılış mərasimi keçirilib

Bu gün Müasir İncəsənət Muzeyində "SABAH" qruplarının incəsənət istiqaməti üzrə təhsil alan tələbələrinin yaradıcılıq nailiyyətlərini nümayiş etdirən SABAH İncəsənət Festivalının açılış mərasimi baş tutub.

Konsensus.az-ın məlumatına görə, tədbirin əsas məqsədi gənclər arasında təhsilə və yaradıcılığa marağı artırmaq, həmçinin ictimaiyyəti ali təhsildə qazanılan uğurlarla tanış etməkdir. Rəsmi açılış mərasimində dövlət qurumlarının rəsmiləri, ali təhsil müəssisələrinin rəhbərləri, tanınmış incəsənət xadimləri, rəssamlar və digər qonaqlar iştirak ediblər.

Festival çərçivəsində ilk olaraq Azərbaycan Rəssamlıq Akademiyasının (AzRA) "SABAH" qrupları tələbələrinin dizayn və dekorativ-tətbiqi sənət nümunələrindən ibarət sərgisi təşkil olunub. Sərgidə gənclərin böyük zövqlə hazırladıqları bədii xalça, keramika, şüşə, metal və toxuculuq nümunələri, eləcə də dekorativ rəngkarlıq əsərləri və dizayn layihələri nümayiş etdirilib.

Açılış proqramı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələrinin ifasında təqdim olunan "Rəssam, sevgilimin şəklini gəl çək" adlı bədii kompozisiya ilə davam edib. Daha sonra isə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin əl işlərindən ibarət geyim dəfiləsi keçirilib. Moda dizaynı sahəsindəki bu nümayiş gənc dizaynerlərin fərdi yanaşması, müxtəlif materiallardan istifadə bacarığı, həmçinin forma və rəng həllərində tətbiq etdikləri müasir üslubla qonaqların böyük marağına səbəb olub.

01.07.2026 12:31