
İyunun 29-da Bakı şəhərində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş möhtəşəm Türk Dünyası Həftəsinə start verilib.
Konsensus.az xəbər verir ki, elm və mədəniyyət sahələrini əhatə edən silsilə proqramlardan ibarət bu mühüm layihə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında" 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq gerçəkləşir. İyulun 3-dək davam edəcək beynəlxalq miqyaslı tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Genişmiqyaslı xarakter daşıyan layihə həmçinin Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Türk Akademiyası, eləcə də Türk Mədəniyyəti və İrsi Fondunun yaxından tərəfdaşlığı və dəstəyi ilə həyata keçirilir. Həftə çərçivəsində təşkil olunacaq elmi və mədəni proqramlar ortaq türk irsinin gələcək nəsillərə ötürülməsinə və türk dünyası arasındakı mədəni inteqrasiyanın daha da gücləndirilməsinə xidmət edəcək.