“Bakı Enerji Forumu Azərbaycanın qlobal sabitlik mərkəzi olduğunu bir daha sübut etdi”

Bakıda keçirilən 31-ci Bakı Enerji Həftəsi və onun mühüm tərkib hissəsi olan Bakı Enerji Forumu ölkəmizin dünya enerji xəritəsindəki həlledici rolunu növbəti dəfə nümayiş etdirdi. Bu möhtəşəm tədbir sadəcə iqtisadi və ticari müqavilələrin imzalandığı platforma deyil, həm də qlobal təhlükəsizlik və strateji tərəfdaşlıq formatlarının müəyyənləşdirildiyi ali siyasi məkandır.

Konsensus.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O qeyd edib ki, dünyanın 46 ölkəsindən 270-dən çox şirkətin bu dialoqa qatılması, həmçinin ABŞ Prezidenti Donald Trampın tədbir iştirakçılarına ünvanladığı məktub rəsmi Bakının beynəlxalq nüfuzunun əyani göstəricisidir. Bu fikirləri siyasi şərhçi Əliqismət Bədəlov Bakı Enerji Forumunun yekunlarını şərh edərək bildirib.

Ekspert qeyd edib ki, Azərbaycan dövlətinin enerji strategiyası illərdir davam edən ardıcıl, düşünülmüş və etibarlı tərəfdaşlıq prinsiplərinə söykənir. Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimindəki proqram xarakterli çıxışı bir daha təsdiqlədi ki, ölkəmiz regionun və Avropanın enerji təhlükəsizliyinin təminatında əvəzolunmaz aktordur. Vaxtilə təməli qoyulmuş layihələr bu gün öz bəhrəsini verir. Təsadüfi deyil ki, Azərbaycan qazının Avropaya nəqli coğrafiyası sürətlə genişlənir və ölkəmiz qlobal böhranlar fonunda ən təhlükəsiz, ən etibarlı tərəfdaş statusunu qoruyub saxlayır.

Əliqismət Bədəlov forumun digər mühüm geosiyasi əhəmiyyətinə də diqqət çəkib. Belə ki, builki forum həm də Azərbaycanın yaşıl enerji gündəliyini qlobal müstəviyə çıxardı. Ölkəmiz artıq ənənəvi karbohidrogen resurslarının ixracatçısı olmaqla bərabər, həm də alternativ enerji körpülərinin qurulmasında regional liderə çevrilir. Forum çərçivəsində imzalanan çoxmilyardlıq müqavilələr və aparılan müzakirələr Bakının qlobal enerji transformasiyasına verdiyi siyasi dəstəyin və iqtisadi potensialın real miqyasını göstərir. Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas şərti hesab olunur və bu mənada Bakı Forumu regionda sülhün, əməkdaşlığın və dayanıqlı inkişafın təmin olunmasında mühüm strateji addım kimi tarixə düşdü.

03.06.2026 07:00