Britaniya baş naziri Starmerə görə istefalar baş qaldırdı

Böyük Britaniyada nazirlərin parlament üzrə şəxsi katibləri Kir Starmer baş nazir vəzifəsində qalmağa davam etdiyi üçün istefa verməyə başlayıblar.

Konsensus.az The Guardiana istinadən xəbər verir ki, istefa addımını birinci olaraq Böyük Britaniyanın ətraf mühit, ərzaq və kənd təsərrüfatının inkişafı naziri Emma Reynoldsun köməkçisi Tom Rutland atıb.

Bundan dərhal sonra Səhiyyə Nazirliyinin rəhbəri Ues Stritinqin parlament üzrə şəxsi katibi Co Morris də istefa verib. Ues Stritinq Starmerin istefası halında baş nazir postuna ən real namizədlərdən biri hesab olunur.

Daxili işlər naziri Şabana Mahmudun köməkçisi Salli Ceymison da hökumət başçısını Dauninq-striti tərk etməyə açıq şəkildə çağırsa da, hələlik vəzifəsində qalır.

Belə ki, parlament üzrə şəxsi katib Böyük Britaniya parlamentinin İcmalar Palatasının deputatları arasından təyin olunur və bu vəzifə ödənişsiz hesab edilir. Britaniya siyasi sisteminə əsasən, hökumət üzvlərinin hamısı eyni zamanda parlament üzvü olurlar.

Artıq hakim Leyboristlər Partiyasından 50-dən çox deputatın Starmeri istefaya çağırdığı bildirilir.

12.05.2026 08:40