
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasındakı danışıqlar prosesində vəziyyətin sürətlə inkişaf etdiyini, öz mövqeyinin isə şəraitdən asılı olaraq dəyişə biləcəyini bəyan edib.
Konsensus.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "New York Post" qəzetinə verdiyi müsahibəsində bildirib. O faktların və şəraitin çox sürətlə dəyişdiyini bildirərək, verdiyi hər hansı bir cavabın hətta 20 dəqiqə sonra aktuallığını itirə biləcəyini vurğulayıb.
İranla mümkün razılaşma barədə hələlik yekun qərar qəbul etmədiyini söyləyən Ağ Ev rəhbəri hazırda iki seçim qarşısında olduqlarını diqqətə çatdırıb. O qeyd edib ki, ABŞ ya Tehranla rəsmi sövdələşmə imzalamalı, ya da başqa bir yolla hərəkət etməlidir. Digər yolun kifayət qədər xoşagəlməz olduğunu bildirən ABŞ lideri bu alternativ ssenarinin münaqişəyə tez bir zamanda son qoymağa imkan verəcəyini, lakin humanitar səbəblərdən vəziyyəti məhz diplomatik yolla həll etməyə üstünlük verdiyini vurğulayıb.
ABŞ Prezidenti həmçinin İranın nüvə silahı hazırlamaq iddialarından imtina etməyə razılaşdığını və potensial anlaşmanın tərəflər üçün bir çox müsbət nəticələrə gətirib çıxara biləcəyini qeyd edib. Bununla yanaşı, Tramp İrana qarşı tətbiq edilən dəniz blokadasının sentyabr ayının ilk bazar ertəsi qeyd olunan Əmək Gününə qədər davam edə biləcəyini istisna etməyib, lakin regional gərginliyin tezliklə tamamilə həll olunacağına ümid etdiyini də əlavə edib.