
Günəş Yer kürəsində həyatın əsas mənbəyi olsa da, onun səthində baş verən bəzi proseslər bəzən planetimiz üçün ciddi təsirlər yarada bilir. Bu hadisələrin ən diqqətçəkənlərindən biri Günəş partlayışlarıdır. Alimlər uzun illərdir ki, bu hadisələri müşahidə edir və onların Yerin texnoloji sistemlərinə, rabitə şəbəkələrinə, hətta astronavtların təhlükəsizliyinə təsirini araşdırırlar.
Günəş partlayışı Günəşin atmosferində toplanmış maqnit enerjisinin qəfil şəkildə sərbəst buraxılması nəticəsində baş verən güclü enerji püskürməsidir. Bu zaman kosmosa nəhəng həcmdə rentgen şüaları, ultrabənövşəyi şüalanma və yüksək enerjili hissəciklər yayılır.
Bəs Günəş partlayışı niyə baş verir?
Belə partlayışlar adətən Günəş ləkələrinin yerləşdiyi aktiv bölgələrdə meydana gəlir. Bir neçə dəqiqə ərzində ayrılan enerji milyardlarla hidrogen bombasının partlayışına bərabər ola bilər. NASA-nın məlumatına görə, ən güclü Günəş partlayışları saniyələr ərzində trilyonlarla meqaton enerji yarada bilir.
Günəş plazmadan ibarət nəhəng qaz kürəsidir və onun daxilində davamlı olaraq mürəkkəb maqnit prosesləri gedir. Bəzən maqnit sahələrinin xətləri dolaşaraq böyük gərginlik yaradır. Bu gərginlik kritik həddə çatdıqda qəfil qırılma baş verir və toplanmış enerji partlayış şəklində kosmosa yayılır.
Alimlər Günəş aktivliyinin təxminən 11 illik dövrlərlə dəyişdiyini müəyyən ediblər. Aktivlik maksimum həddə çatdıqda Günəş ləkələrinin sayı artır və partlayışlar daha tez-tez müşahidə olunur.
Günəş partlayışlarının əksəriyyəti Yer üçün təhlükəli olmasa da, güclü hadisələr müxtəlif problemlərə səbəb ola bilər. İlk növbədə peyk rabitəsi və GPS sistemlərinin fəaliyyətində pozuntular yarana bilər. Hava nəqliyyatında istifadə olunan yüksək tezlikli rabitə kanalları müvəqqəti olaraq sıradan çıxa bilər.
1989-cu ildə güclü Günəş fırtınası Kanadanın Kvebek əyalətində elektrik şəbəkəsinin çökməsinə səbəb olmuş və milyonlarla insan saatlarla işıqsız qalmışdı. Bu hadisə Günəş aktivliyinin müasir texnologiyalara təsirinin ən məşhur nümunələrindən biri hesab olunur.
Mütəxəssislər bildirirlər ki, daha güclü hadisə baş verərsə, enerji sistemləri, internet infrastrukturu və peyk şəbəkələri ciddi zərər görə bilər. Buna görə də kosmik hava proqnozları son illərdə xüsusi əhəmiyyət qazanıb.
Şimal işıqları ilə əlaqəsi…
Günəşdən gələn yüklü hissəciklər Yerin maqnit sahəsi ilə toqquşduqda atmosferdə rəngarəng işıq effektləri yaranır. Bu hadisə qütb parıltısı və ya aurora kimi tanınır. Son illərdə Günəş aktivliyinin artması nəticəsində şimal işıqları daha geniş ərazilərdə müşahidə olunmağa başlayıb.
Bizi nə gözləyir?
Alimlər hazırda Günəşin aktiv fazalarından birini yaşadığını bildirirlər. ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, 2024-2026-cı illər Günəş dövrünün ən aktiv mərhələsi hesab olunur. Bu səbəbdən yaxın illərdə daha çox Günəş partlayışı və maqnit fırtınalarının qeydə alınacağı gözlənilir.
Müasir müşahidə peykləri sayəsində alimlər bu hadisələri əvvəlcədən izləyə və mümkün risklər barədə xəbərdarlıq edə bilirlər. Bununla belə, Günəş partlayışları kosmosun hələ də tam öyrənilməmiş və insanları heyrətləndirməyə davam edən ən maraqlı təbiət hadisələrindən biri olaraq qalır.
Ayla Əliyeva