
Hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin anası Avropa Məhkəməsinin qərarından imtina edib.
Konsensus.az xəbər verir ki, bu barədə Zeynəb Abdullayevanın səlahiyyətli nümayəndəsi Rəşad Quliyev media mənsublarına və ictimaiyyətə müraciət ünvanlayıb. Müraciətdə Z.Abdullayeva ölkə hüdudlarından kənara çıxışına qoyulmuş məhdudiyyətlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) edilmiş müraciət üzrə onun xeyrinə çıxarılan qərardan istifadə etmək niyyətində olmadığını və həmin qərardan rəsmən imtina etdiyini bəyan edib.
O, oğlu Hüseyn Abdullayevlə birlikdə Azərbaycan dövlətinə, təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kursa hər zaman sadiq olduqlarını və Prezident İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasəti tam dəstəklədiklərini bildirib. Müraciətdə həmçinin ana və oğulun ortaq qərarı olaraq, Azərbaycana qarşı yönələn heç bir beynəlxalq qərarı və addımı dəstəkləməyəcəkləri xüsusi vurğulanıb.
Zeynəb Abdullayeva yeganə arzusunun oğlu Hüseyn Abdullayevin səhhətində yaranmış ciddi problemlərin nəzərə alınması və ona qarşı humanist yanaşma göstərilməsi olduğunu qeyd edib. O, bu məsələnin Azərbaycan dövlətinin ali humanizm və ədalət prinsipləri əsasında yaxın vaxtlarda öz müsbət həllini tapacağına, ölkənin hüquq-mühafizə və məhkəmə sisteminin bu çağırışa həssaslıqla yanaşacağına böyük ümid bəslədiyini ifadə edib.