
Azərbaycanın ictimai-siyasi, ədəbi və diplomatik həyatında uzun illər ərzində çoxşaxəli fəaliyyəti ilə seçilən Hidayət Orucovun 13 iyun tarixində Türkiyənin İstanbul şəhərində vəfatı milli intellektual mühit üçün mühüm itki oldu. Onun həyatı təkcə fərdi yaradıcılıq və xidmət nümunəsi deyil, eyni zamanda XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində Azərbaycan humanitar düşüncəsinin inkişaf trayektoriyasını əks etdirən mühüm bir mərhələ kimi qiymətləndirilir.
Hidayət Xuduş oğlu Orucov 5 sentyabr 1944-cü ildə Qərbi Azərbaycanın Meğri rayonunun Maralzəmi kəndində dünyaya göz açmışdır. İxtisasca filoloq idi. Onun fəaliyyəti ədəbiyyat, mədəniyyət, ictimai idarəçilik və diplomatiya sahələrini əhatə etmiş, bu sahələrin hər birində ardıcıl və sistemli xidmət nümunəsi yaratmışdır. Onun yaradıcılığı və ictimai fəaliyyəti müxtəlif dövlətlər və beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilmiş, bu isə onun fəaliyyətinin lokal çərçivədən çıxaraq geniş regional və beynəlxalq miqyasda tanındığını göstərmişdir.
Onun mükafat və təltif siyahısı bu çoxşaxəli fəaliyyətin mühüm göstəricisidir. Hələ 1970-ci ildə SSRİ-nin “Əməkdar igidliyə görə” medalı ilə təltif olunması onun erkən dövrdən etibarən dövlət tərəfindən dəyərləndirildiyini göstərir. 1978-ci ildə həm Ermənistan SSR Əməkdar mədəniyyət xadimi adı, həm də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunması onun mədəniyyət sahəsindəki fəaliyyətinin regionlararası miqyasını təsdiqləyir.
Müstəqillik dövründə Hidayət Orucovun fəaliyyəti yeni keyfiyyət mərhələsinə yüksəlmişdir. 24 sentyabr 1991-ci ildə ona Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir ki, bu da onun yaradıcılığının müstəqil dövlət tərəfindən rəsmi şəkildə tanınmasının göstəricisidir.
Onun beynəlxalq miqyasda tanınması isə xüsusilə diqqətəlayiqdir. 2002-ci ildə Gürcüstan Respublikasının “Ləyaqət” ordeni ilə təltif olunması, 2003-cü ildə Rus Pravoslav Kilsəsinin “Müqəddəs Mömin Moskva Knyazi Daniil” ordeninə layiq görülməsi onun mədəni və mənəvi körpülərin qurulmasındakı rolunu göstərir. Eyni zamanda, Dağıstan Respublikası və Çuvaşıstan Respublikasının ədəbi mükafatları, o cümlədən Çuvaş Beynəlxalq Ədəbi Mükafatı onun ədəbi fəaliyyətinin postsovet məkanında da qəbul edildiyini sübut edir. 2010-cu ildə Rus Pravoslav Kilsəsinin “Şöhrət və Şərəf” ordeni ilə təltifi onun humanist və mədəni fəaliyyətinə verilən yüksək dini-mənəvi qiymət kimi xarakterizə oluna bilər.
Müstəqil Azərbaycanın dövlət rəhbərliyi tərəfindən də Hidayət Orucovun fəaliyyətini həmişə yüksək qiymətləndirilmişdir. Belə ki, 2004-cü ildə Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltifi olunması, 2014-cü ildə ona Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomun təqdim edilməsi həmçinin 2014-cü ildə dövlət qarşısında xidmətlərinin yüksək səviyyədə qiymətləndirilməsi idi.
Bundan əlavə, Qırğızıstan Respublikasında “İpək Yolu” mükafatı ilə təltif olunması və Çingiz Aytmatov Beynəlxalq İctimai Akademiyasının akademiki seçilməsi onun Türk dünyası miqyasında da nüfuzlu şəxsiyyət olduğunu təsdiqləmişdir. Hidayət Orucov eyni zamanda 2015-ci ildə isə İssık-Kul Forumunun Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Bu təltiflər yalnız fərdi mükafatlar deyil, həm də Hidayət Orucovun Azərbaycan mədəniyyətini, ədəbiyyatını və dövlətçilik düşüncəsini beynəlxalq müstəviyə daşıyan bir ziyalı kimi qəbul edildiyini göstərən əsaslı nümunələrdir. Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının üzvü kimi də onun tövsiyyələri icmanın fəaliyyətində önəmli hesab edilirdi. Bir sözlə, Hidayət Orucov gerçək ziyalı idi və onun bütün şüurlu fəaliyyəti müxtəlif mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və humanist dəyərlərin təşviqi üzərində qurulmuşdu.
Vəfatı nəinki əzizlərini, yaxınlarını, həmçinin mənsub olduğu icmanın üzvlərini, həmçinin xalqımızın bütün tərəqqipərvər ziyalılarını kədərləndirdi. Azərbaycan Hidayət Orucovun timsalında yalnız bir ədibini və dövlət xadimini deyil, həm də bir epoxanın canlı yaddaşını itirmişdir. Onun irsi, qazandığı mükafatlar və formalaşdırdığı intellektual mühit gələcək nəsillər üçün mühüm elmi və mənəvi qaynaq olaraq qalacaqdır. Allah rəhmət eləsin…
Elza Orucova,
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvü, tibb üzrə fəlsəfə doktoru, dosent