
İran Yaxın Şərq regionu ölkələrini anti-ABŞ alyansında birləşdirməyə cəhd edir və Birləşmiş Ştatların prezidenti Donald Trampa qarşı genişmiqyaslı siyasi kampaniyaya start verir.
Konsensus.az xəbər verir ki, bu barədə adı açıqlanmayan analitikə istinadən "Fox News" telekanalı məlumat yayıb.
Məlumata görə, rəsmi Tehranın bu fəallığı D.Trampın "İbrahim Sazişləri"nin (Abraham Accords) coğrafiyasını genişləndirmək təklifindən cəmi bir neçə saat sonra müşahidə olunub.
Ekspertlər iddia edir ki, Tehran özünü regionun "yeni şerifi" kimi təqdim etməyə çalışır. Eyni zamanda, Fars körfəzi ölkələrinə təzyiq göstərən İran regional oyunçuları ABŞ-nin təhlükəsizlik çətiri ilə Tehranın irəli sürdüyü "yeni İslam sivilizasiyası" konsepsiyası arasında seçim etməyə məcbur edir.
Xatırladaq ki, bir qədər əvvəl Donald Tramp Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Misir, İordaniya və Bəhreyn liderləri ilə telefon danışıqları apararaq, 2020-ci ildə imzalanmış "İbrahim Sazişi"nin (İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşdırılması – red.) mümkün genişləndirilməsi perspektivlərini müzakirə edib.
Buna cavab olaraq İranda "yeni İslam sivilizasiyası"nın formalaşdırılması ideyası gündəmə gətirilib və müsəlman ölkələri bu çərçivədə əməkdaşlığa çağırılıb. Analitiklərin fikrincə, Tehran ərəb dövlətlərinin İsraillə yaxınlaşması prosesini tamamilə əngəlləmək və özünün regional nizam modelini diktə etmək niyyətindədir.
Bununla belə, Fars körfəzi ölkələri hələ ki, kifayət qədər ehtiyatlı mövqe nümayiş etdirirlər. Onlar İranla məhdud dialoq kanallarını qoruyub saxlasalar da, regiondakı gərginlik fonunda Vaşinqtonla Tehran arasında baş verən siyasi proseslərin inkişafını diqqətlə izləyirlər.