
2026-cı il dünya çempionatının qalibləri futbol tarixində ilk dəfə olaraq unikal mükafata sahib olacaqlar.
Konsensus.az-ın məlumatına görə, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) turnir tarixində ilk dəfə çempionluq üzüklərinin təqdim ediləcəyini açıqlayıb. Amerika idman liqalarında geniş yayılan bu ənənə DÇ-2026-nın məhz ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilməsi şərəfinə tətbiq olunur.
Məhdud sayda istehsal olunacaq fərdi nömrəli üzüklərin ümumi sayı turnirin keçirildiyi ilə rəmzi işarə olaraq 2026 ədəd təşkil edəcək. Onlardan yalnız 30-u qalib komandanın futbolçularına və məşqçilər heyətinə təqdim olunacaq. Qalan 1996 ədəd üzük isə FİFA-nın rəsmi lisenziyalı məhsulu kimi bütün dünyada satışa çıxarılacaq.
Eksklüziv üzüklərin bir tərəfində dünya çempionatının kuboku təsvir olunacaq, digər tərəfinə isə qalib komandanın loqosu həkk ediləcək. Sahibinin fərdi ölçülərinə uyğunlaşdırılacaq hər bir üzük orijinallıq sertifikatı ilə təmin ediləcək.
Qaydalara əsasən, final başa çatdıqdan dərhal sonra qalib komandanın kapitanı və baş məşqçisinə qeyd etmələr üçün müvəqqəti üzüklər veriləcək. Komanda üçün nəzərdə tutulan 30 çempionluq üzüyü isə fərdi sifariş əsasında hazırlanacaq və tam hazır olduqdan sonra rəsmi mərasimlə sahiblərinə çatdırılacaq.
Xatırladaq ki, DÇ-2026-nın finalında İspaniya və Argentina yığmaları qarşılaşacaq. Həlledici qarşılaşma iyulun 19-da Nyu-Cersidəki "MetLife" arenasında keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.