"Pentaqonun arsenalları sürətlə tükənir" – WSJ-dən qalmaqallı məqalə

ABŞ Silahlı Qüvvələri İranın İordaniyaya yönəltdiyi raket hücumunun qarşısını almaq üçün 80-ə yaxın yüksək dəyərə malik ələkeçirici raket sərf edib.

Konsensus.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.

Məlumata görə, Birləşmiş Ştatların hərbi birləşmələri İranın təxminən 20 ballistik raketini zərərsizləşdirmək məqsədilə "Patriot" sistemlərindən 60-70 raket və 10-dan artıq "THAAD" kompleksinin ələkeçirici sursatını işə salıb.

Məqalədə vurğulanır ki, sursatların bu dərəcədə kütləvi xərclənməsi Tehranla toqquşmanın digər mərhələlərindəki bir həftəlik hava hücumundan müdafiə sərfiyyatı ilə müqayisə oluna bilər. Mənbə qeyd edir ki, İranın tətbiq etdiyi taktiki gedişlər müdafiəni xeyli mürəkkəbləşdirir. Belə ki, atılan raketlər ayrılan döyüş başlıqlarına malikdir və bu amil ABŞ sistemlərini bahalı sursatları itirməyə məcbur edir.

Bununla belə, bütün hədəfləri zərərsizləşdirmək mümkün olmayıb — hücum nəticəsində Müvəffəq-Səlti aviabazasındakı qırıcılar və digər təyyarələrə ciddi ziyan dəyib.

Nəşrin bildirdiyinə görə, cəbbəxanaların sürətlə boşalması fonunda Pentaqonun baş müfəttişinin hesabatında münaqişənin silahların "strateji ehtiyat qıtlığına" gətirib çıxardığı vurğulanır.

17.09.2026 03:40