Prezident İlham Əliyev: Kəndlə şəhər arasındakı fərqlər tamamilə aradan qaldırılmalıdır

Genişmiqyaslı urbanizasiya, yəni kəndlərdən şəhərlərə olan axın Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun müzakirələrində də əsas mövzulardan biri olmuşdur. Bu, təkcə bizim üçün deyil, bütün dünya ölkələri üçün xarakterik olan mənfi bir meyildir.

Konsensus.az-ın məlumatına görə, Prezident İlham Əliyev bu fikirləri kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında vurğulayıb.

Prezident İlham Əliyevin nitqi

"Bugünkü müşavirədə biz kənd təsərrüfatının inkişafını müzakirə edəcəyik. Bildiyiniz kimi, bu sahəyə daim çox böyük diqqət göstərilir. Hələ ilk dəfə Prezident vəzifəsinə seçiləndən sonra, 2004-cü ildə ilk təşəbbüslərimdən biri regional inkişaf proqramı idi və onun da əsas tərkib hissəsini kənd təsərrüfatının inkişafı təşkil edirdi.

2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi və biz gördük ki, bu proqramın davamı olmalıdır. Ondan sonra bir neçə beşillik regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, regionlarda məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Bu gün bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil. O cümlədən kənd təsərrüfatının inkişafı üçün bu proqramda nəzərdə tutulmuş infrastruktur layihələri həlledici rol oynamışdı. Çünki o vaxt bölgələrdə demək olar ki, qaz təchizatı yox idi. Elektrik təchizatı ilə nəinki regionlarda, Bakıda böyük problemlər yaşanırdı, hətta böyük fasilələr olurdu. Avtomobil yolları yararsız vəziyyətdə idi. Su ilə təchizat demək olar ki, tamamilə tükənmişdi. Yəni kəndlərin dirçəldilməsi və kəndlərdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmaq üçün bu proqramın həlledici rolu olmuşdu. O ildən bu yana bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra edildi.

Əgər biz azad edilmiş torpaqları istisna etsək, bu gün ölkə üzrə qazlaşmanın səviyyəsi 96 faizdir. Elektrik təchizatı ilə heç bir yerdə heç bir problem yoxdur, nəinki özümüzü təmin edirik, hətta bizim böyük ixrac potensialımız yaradılmışdır. Bir çox magistral, şəhərlərarası və kənd yolları inşa edilmişdir. Böyük su anbarları inşa edilmişdir, ilk növbədə, Taxtakörpü, Şəmkirçay, Göytəpə və digərləri. Kanallar yenidən qurulmuşdur və bu proses davam etdirilir. Bir sözlə, bölgələrin və kənd təsərrüfatının inkişafı çox sürətlə getmişdir. Bunun nəticəsində bir çox istiqamətlər üzrə kənd təsərrüfatı məhsullarının istehsalında böyük artım olmuşdur. Onu da bildirməliyəm ki, bu illər ərzində bir neçə dövlət proqramı qəbul edilmişdir, üzümçülük, pambıqçılıq, fındıqçılıq, sitrusçuluq, digər istiqamətlər üzrə və bu sahələrə böyük təkan verilmişdir.

Kənd təsərrüfatının inkişafı üçün subsidiyaların böyük əhəmiyyəti var. Onu da bildirməliyəm ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Düzdür, burada da təkmilləşmə üçün imkanlar var və bu edilməlidir. Bu barədə də danışılacaq. Müxtəlist güzəştlər verilir, o cümlədən gübrə, yanacaq güzəştləri. Deyə bilərəm ki, bu da dünyada nadir sayda olan ölkələrdə tətbiq edilir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlərin verilməsi. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr təbii ki, kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir. Məsələn, əgər pambıqçılığı götürsək, vaxtilə 70-80-ci illərdə pambıq istehsalı Azərbaycanda ildən-ilə artırdı, amma sonra müəyyən səbəblərə görə faktiki olaraq bu sahə əldən gedirdi. Həm məhsuldarlıq çox aşağı səviyyədə idi, təqribən hektardan maksimum bir ton, köhnə dillə desək 10 sentner. Azərbaycanda pambıq istehsalı 20 min tona düşmüşdü. Görülmüş tədbirlər, ildən-ilə aparılan islahatlar nəticəsində bu gün həm məhsuldarlıq, həm də istehsal artıb. Bu gün son nəticələrə görə 360 min tondan çox pambıq istehsal edilmişdi və pambıqçılıqda ixtisaslaşmış rayonlarda bunun kənddə yaşayan insanlar üçün çox böyük xeyri olmuşdur.

Baramaçılıq faktiki olaraq əldən getmişdi. Görülmüş tədbirlər və dövlət dəstəyi nəticəsində biz baramaçılığı da bərpa etdik. Bununla bağlı olan ipəkçilik də inkişaf etməyə başlamışdı. Belə misallar çoxdur, yəni çox vaxt itirmək istəmirəm. Sadəcə olaraq, bildirməliyəm ki, bizim bir çox istiqamətlər üzrə nəzərdə tutduğumuz vəzifələr icra edildi.

Ancaq buna baxmayaraq, son vaxtlar kənd təsərrüfatı istehsalında dinamika məni qane etmir. Bir müddət bundan əvvəl Prezident Administrasiyasına, Hökumətə göstəriş verildi ki, kənd təsərrüfatının inkişafına dair yeni Dövlət Proqramı hazırlansın, qəbul edilsin, hərtərəfli, əhatəli olsun. Həm dövlət investisiyaları, həm özəl sektor tərəfindən cəlb ediləcək investisiyaları özündə ehtiva etməlidir. Proqram çox konkret və qısamüddətli olmalıdır. Bu gün müzakirə edəcəyimiz məsələlər bu proqramın qəbul edilməsi və icrası ilə bağlı olacaq. Mən əminəm ki, bu proqram icra ediləndən sonra bizim əsas hədəflərimiz tam yerinə yetiriləcəkdir.

Bu gün dünyada gedən meyillər kənd təsərrüfatının istehsalına da mənfi təsir göstərir. Müharibələr, münaqişələr, nəqliyyat zəncirlərinin qırılması, energy sektorundakı böhran, yanacaqla bağlı olan müəyyən çətinliklər bir çox ənənəvi istehsalçıları çətin vəziyyətə qoymuşdur. Bunu nəzərə alaraq, əlbəttə ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

İkinci vacib amil isə kəndlərdən şəhərlərə olan axının, yəni genişmiqyaslı urbanizasiyanın yaratdığı çətinliklərdir. Biz elə etməliyik ki, kəndlərdən şəhərlərə yox, şəhərlərdən kəndlərə qayıdış prosesi başlasın. Bunun üçün də əlbəttə ki, kəndlə şəhər arasındakı istənilən istiqamətlər üzrə fərqlər azaldılmalıdır. Qeyd etdiyim Regional İnkişaf Proqramının məqsədi də bu idi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar. Yəni orada xidmət sektoru da yüksək səviyyədə olmalıdır. Biz Regional İnkişaf proqramlarını icra etdikcə sosial infrastruktur layihələrini də uğurla icra etmişik. Bizim bütün rayon mərkəzlərində, şəhərlərdə müasir xəstəxanalar var, məktəb tikintisi geniş vüsət almışdır. Bizim 4 mindən çox məktəbimizin təqribən 80-90 faizi tamamilə təmir edilib və ya yenidən tikilib. Ona görə bölgələrdə məşğulluğu artırmaq və insanları torpağa daha bağlı etmək üçün biz kənd təsərrüfatının inkişafına yeni təkan verməliyik.

Yenə də deyirəm, qəbul edilmiş proqramlar və qərarlar böyük dönüşə səbəb olub. Ancaq son bir neçə il ərzində kənd təsərrüfatının inkişafında müşahidə edilən durğunluq, əlbəttə ki, bizi düşündürür və bu məqsədlə Dövlət Proqramı hazırlanıb və qəbul ediləcək. Bu proqramın icrasında yerli və xarici investorların, biznes nümayəndələrinin də xüsusi rolu olmalıdır. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır və bir çox ölkələrin şirkətləri müxtəlif sahələrdə bizimlə əməkdaşlıq etmək istəyirlər. Biz, əlbəttə ki, bütün xarici investorlara qanun çərçivəsində lazımi şərait yaradırıq.

İstehsal göstəricilərimizə gəldikdə, biz buğda istehsalında cəmi 55 faiz səviyyəsində özümüzü təmin edirik və bu əmsal mütləq artmalıdır. Digər tərəfdən, tərəvəz və meyvə istehsalında vəziyyət müsbətdir - meyvə üzrə təminatımız 140 faizdir və böyük həcmdə ixrac həyata keçiririk. Şəkər istehsalında isə özümüzü 102 faiz təmin edirik. Ət, süd və quş əti ilə təminatımız hazırda 80-90 faiz səviyyəsindədir, lakin hədəfimiz bu göstəricini 100 faizə çatdırmaqdır.

Yeni Dövlət Proqramı 2026-2030-cu illəri əhatə edəcək. Bu proqramın icrası üçün cəmi dörd il yarım vaxtımız qaldığından dövlət xətti ilə maliyyələşmə bu il dərhal ayrılmalıdır. İlkin hesablamalara görə, dövlət xətti ilə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün 2 milyard manatdan çox, özəl sektor tərəfindən isə təqribən 3 milyard manatdan çox vəsaitin qoyulması tələb olunacaq. Proqram qəbul edilən kimi gecikmədən işlərə başlamalıyıq."

25.05.2026 12:13