
BMT-nin Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası fələstinli uşaqların İsrail təhlükəsizlik qüvvələri tərəfindən qəsdən hədəf alındığına və öldürüldüyünə dair təkzibolunmaz dəlillər aşkar edib.
Konsensus.az xəbər verir ki, qurumun üç nəfərdən ibarət istintaq qrupu ilk dəfə ötən ilin sentyabr ayında yayımladığı hesabatda İsrailin Qəzzadakı hərbi əməliyyatları zamanı soyqırımı törətdiyini bəyan etmişdi. Komissiyanın son hesabatında isə İsrailin hərbi hücumlarının intensivliyinin hələ də davam etdiyi, bunun da fələstinli uşaqlar arasında görünməmiş ölüm, yaralanma və psixoloji travmalara yol açdığı bildirilir. Beynəlxalq rəsmilər İsrail hakimiyyəti və təhlükəsizlik qüvvələrinin Qəzzada soyqırımı cinayətini davam etdirdiyini sübut edən kifayət qədər dəlilin olduğunu vurğulayırlar.
BMT İnsan Hüquqları Şurası tərəfindən 2021-ci ildə yaradılmış komissiyanın məlumatına görə, Qəzzada baş verənlər uşaqlıq anlayışını tamamilə məhv edib. Bölgədəki uşaqlar hazırda aşağıdakı ağır şərtlərlə üz-üzədir. Ağır fiziki və mənəvi xəsarətlər, kütləvi travmalar, valideynlərini itirmə (yetim qalma) və ailələrin parçalanması, fiziki əlillik və ardıcıl köçkünlük dalğaları, kütləvi aclıq, təhsil və səhiyyə sistemlərinin tamamilə çökməsi.
Hesabatda bu faciəvi nəticələrin bölgədəki uşaqların gələcək həyatına ömürlük təsir göstərəcəyi qeyd olunur.
İstintaq qrupuna rəhbərlik edən hindistanlı hakim Srinivasan Muralidhar mövzu ilə bağlı çıxışında bu fikirləri vurğulayıb. Hakim həmçinin əlavə edib ki, 2025-ci ilin oktyabrında əldə olunmuş atəşkəsdən sonra belə, bölgədə uşaqlar qətlə yetirilməyə və ağır yaralanmağa davam edir. (Anadolu Ajansı)