
13 may 2026-cı il tarixində “AİDS ilə Mübarizə” İctimai Birliyinin sədri Nofəl Şərifov Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) iclasında iştirak edib.
Konsensus.az xəbər verir ki, iclasda Qlobal Fondun yeni qrantının hazırlanması, əsas resipiyentin (əsas icraçının) müəyyənləşdirilməsi və müraciət pəncərəsinin seçilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda, ölkə dialoqu prosesində qeyri-hökumət təşkilatlarının (QHT) iştirakının genişləndirilməsi və vətəndaş cəmiyyətinin prosesə effektiv cəlb olunması diqqət mərkəzində olub.
Müzakirələr zamanı QHT-lərin qərarların qəbulu və icrası prosesində fəal, şəffaf və inklüziv iştirakının vacibliyi vurğulanıb. Vətəndaş cəmiyyətinin təcrübə və imkanlarından səmərəli istifadə edilməsinin İİV-in profilaktikası, müalicəsi və qayğı xidmətlərinin keyfiyyətinə mühüm töhfə verəcəyi qeyd olunub.
“AİDS ilə Mübarizə” İctimai Birliyi İİV və antinarkomaniya sahəsində icmaəsaslı xidmətlərin əlçatanlığının və keyfiyyətinin artırılması, eləcə də bu xidmətlərin davamlılığının təmin edilməsi istiqamətində konstruktiv dialoqu və əməkdaşlığı dəstəkləməyə davam edir.