
İspaniyanın Baş naziri Pedro Sançes Seutada baş verən kütləvi sərhəd keçidləri ilə bağlı bəzi Avropa İttifaqı üzvü ölkələrinin reaksiyalarını sərt tənqid edərək, Aİ-nin daxili işlər nazirlərinin təcili iclasının keçirilməsini tələb edib.
Konsensus.az -ın The Guardian nəşrinə istinadən verdiyi məlumata görə, 48 mindən çox insanın könüllü şəkildə Mərakeşə qayıtmasına baxmayaraq, Seutadakı kütləvi miqrasiya axını Madrid hökuməti üçün ciddi siyasi sınağa çevrilib. Hadisələrdən sonra bəzi Aİ üzvü dövlətləri İspaniyanın Şengen zonasındakı üzvlüyünün müvəqqəti dayandırılması təklifini irəli sürüblər.
Pedro Sançes Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenə, Avropa Şurasının Prezidenti Antonio Koştaya və Avropa İttifaqı Şurasına sədrlik edən İrlandiyanın Baş naziri Mişel Martinə ünvanladığı məktubda bu yanaşmanı kəskin tənqid edib.
Baş nazir bildirib ki, Avropa İttifaqına üzv ölkələrin böyük əksəriyyəti İspaniyaya dəstək və həmrəylik nümayiş etdirsə də, bəzi hökumətlər vəziyyətə obyektiv yanaşmaq əvəzinə Madridi günahlandırmağa və onun Şengen zonasından müvəqqəti kənarlaşdırılmasını tələb etməyə üstünlük veriblər.
Sançes vurğulayıb ki, qərəzli yanaşma, saxta məlumatlar, məlumatsızlıq və ya siyasi maraqlardan irəli gələn bu cür mövqe Avropa qanunvericiliyinə, beynəlxalq humanitar hüquqa və Avropa İttifaqının əsasını təşkil edən həmrəylik prinsiplərinə ziddir.
İspaniya hökuməti hesab edir ki, yaranmış vəziyyət bütün Avropa üçün ortaq məsələdir və onun həlli yalnız üzv dövlətlərin koordinasiyalı fəaliyyəti və qarşılıqlı dəstəyi ilə mümkün ola bilər.