
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin Küveytdəki bazalarına və Bəhreyndəki hərbi obyektlərinə raket və PUA-larla zərbələr endirib.
Konsensus.az xəbər verir ki, bu barədə "Press TV" telekanalı SEPAH-ın rəsmi bəyanatına istinadən məlumat yayıb.
Məlumata görə, "Nəsr-2" əməliyyatının 24-cü dalğası çərçivəsində SEPAH-ın Aerokosmik Qüvvələri həyata keçirdiyi sinxron hücumlarla ABŞ-nin strateji hərbi obyektlərini hədəf alıb:
"Arifcan" bazasındakı inzibati binalar və radiopelenqasiya antenaları, "Əl-Udayri" düşərgəsindəki helikopter meydançası, həmçinin "Əhməd Əl-Cabir" aviabazasındakı hərbi obyektlər vurulub. Hücum nəticəsində "Əhməd Əl-Cabir" bazasında yerləşən erkən xəbərdarlıq radarları, "AN/FPS-117" radarı, "Patriot" HHM sistemi və peyk rabitə şəbəkəsi sıradan çıxarılıb.
Mühərrəq bölgəsindəki ABŞ radiolokasiya stansiyası və Riffa şəhərində yerləşən "Patriot" HHM sistemi tamamilə məhv edilib.
Bundan əlavə, SEPAH-ın məlumatında bildirilir ki, Hörmüz boğazından keçməyə cəhd edən iki neft tankeri partlayıb. Hazırda xilasedicilər gəmi heyətlərinin hadisə zonasından təxliyəsini həyata keçirirlər.