
Bu gün hər birimizin əlindən düşməyən smartfon kameraları, gözümüzü qoruyan eynəklər, kainatın dərinliklərini kəşf edən teleskoplar və tibb elmini xilas edən mikroskoplar… Bütün bu texnologiyaların təməlinin, əslində, bir müsəlman alim tərəfindən qoyulduğunu bilirdinizmi ?
Qərb dünyasının “Alhazen” olaraq tanıdığı, Şərqin isə böyük riyaziyyatçı, astronom və fiziki Əlhəsən ibn əl-Heysəm müasir optika elminin gerçək atası və banisidir. 965-ci ildə Bəsrədə (indiki İraq) anadan olan bu dahi alim, sadəcə işığın sirlərini tapmadı; o, bəşəriyyətin dünyanı görmə tərzini kökündən dəyişdirdi.
Antik yunan elminin səhvi və İbn əl-Heysəmin İnqilabı
İbn əl-Heysəmə qədər olan dövrdə elm dünyasında Evklid və Ptolemey kimi qədim yunan dühalarının "Görmə nəzəriyyəsi" hakim idi. Onlar inanırdılar ki, insan gözündən xüsusi şüalar çıxır, ətrafdakı əşyalara dəyir və beləcə biz görməyə başlayırıq.
İbn əl-Heysəm isə bu nəzəriyyəni alt-üst etdi. O, qaranlıq otaq təcrübələri ilə sübut etdi ki, gözdən işıq çıxmır, əksinə, xarici mənbələrdən (Günəş, çıraq və s.) gələn işıq şüaları obyektlərdən əks olunaraq gözümüzə daxil olur. Bu, hər kəsin qəbul etdiyi dogmaları yıxan elmi bir inqilab idi.
İbn əl-Heysəm elmdə yalnız nəzəriyyələrlə kifayətlənməyən, hər bir iddianı mütləq təcrübə, müşahidə və riyazi hesablama ilə sübut edən ilk şəxs idi. Məhz buna görə də o, müasir "elmi metodun" qurucusu hesab olunur.
Dəlixanada Yaradan Möcüzə: "Kamera Obskura"
Alimin həyatı həm də böyük dramlarla doludur. Misirdə Fatimi xəlifəsi Əl-Hakimin əmri ilə Nil çayının daşmasının qarşısını almaq üçün böyük bir mühəndislik layihəsinə başlayır. Lakin layihənin qeyri-mümkün olduğunu anlayanda xəlifənin qəzəbindən qorunmaq üçün özünü dəliliyə vurur. On ildən çox ev dustaqlığında və tam qaranlıq otaqda yaşayır.
Məhz bu qaranlıq otaq bəşəriyyətin ən böyük kəşflərindən birinə yol açır. Otağın divarındakı kiçik deşikdən içəri sızan işığın qarşı divarda çöldəki mənzərənin tərs təsvirini yaratdığını müşahidə edir. Bu kəşf, bu gün fotoaparatların və kinonun əsası sayılan "Camera Obskura" (Qaranlıq otaq) prinsipidir. Ərəb dilində otaq mənasına gələn "qumra" sözü, rəqəmsal dövrümüzdə işlətdiyimiz "kamera" sözünün birbaşa mənşəyidir.
Əsrlər Boyu Dünyanı Aydınladan Sənəd: "Kitab əl-Mənazir"
İbn əl-Heysəmin yazdığı "Kitab əl-Mənazir" (Optika kitabı) əsəri, XII əsrdə latın dilinə tərcümə edildikdən sonra Qərb intibahının katalizatoruna çevrildi. Rocer Bekon, Leonardo da Vinçi, İohan Kepler və Rene Dekart kimi Avropa elminin nəhəngləri optikanı məhz "Alhazen"in bu kitabından öyrəndilər.
Linzaların işığı sındırma xüsusiyyəti, sferik və parabolik güzgülərin riyazi təhlili, atmosfer tərəfindən işığın udulması və sınaqlardan keçmiş görmə anatomiyası — hamısı bu fundamental əsərdə cəmlənmişdi.
Bu gün kosmosun dərinliklərini çəkən Ceyms Vebb teleskopundan tutmuş, cibimizdə gəzdirdiyimiz smartfonların linzalarına qədər hər bir vizual texnologiyada min il əvvəl qaranlıq otaqda işığın izinə düşən bir şərqli dahinin — İbn əl-Heysəmin imzası var. O, bəşəriyyətə yalnız işığın fizikasını öyrətmədi, həm də baxmaqla görmək arasındakı fərqi elmi şəkildə nümayiş etdirdi.
Anar Əli
