
Səfəvilər dövləti, tarixi şəxsiyyətlər və milli-mənəvi dəyərlər ətrafında gedən polemika yenidən alovlanıb. Tanınmış tarixçi Ceyhun Bayramlı Milli Məclisin deputatı Fazil Mustafanın son açıqlamalarına cavab verərək onu sərt ifadələrlə tənqid edib.
Ceyhun Bayramlı bildirib ki, Azərbaycan Respublikasının millət vəkili maaşını alan Fazil Mustafa öz ampluasına sadiq qalaraq, bir aydır gündəmdən düşməyən və ictimai qınaqla qarşılaşan Səfəvilər mövzusunda növbəti dəfə iddialar irəli sürüb. Tarixçi deputatın bu dəfə jurnalist Taleh Şahsuvarlı ilə onun adını çəkdiyini, hikkə və kininin apogeyə çataraq danışıq tərzinə də sirayət etdiyini vurğulayıb:
"Bizlər öz cızma-qarasında 'yaxasını cıran' kimi məhəllə uşaqlarının jarqonları ilə danışan bu millət vəkilindən ədəb öyrənməli imişik. Anlaşılan, 'Nəsimi' filmində Şirvanşah İbrahimin şeyxə dediyi kimi, Şah İsmayıla kin və nifrət bu adamın əqlini son həddə kimi çaşdırıb. Nə danışığı danışıqdır, nə məntiqi məntiq. İnsan bəzən özünə kənardan baxmağı bacarmalıdır ki, 'mən də varam' deyə özünü gündəmə pərçimləməyə çalışmasın. Bu adamın Məhəmməd Füzuli, Babək, Şah İsmayıl Səfəvi və digər şəxsiyyətlərə münasibətdə atdığı güllələr hədəfdən yan keçir və ortaya qoyduğu mövqe 'stəkanda fırtına yaratmaqla' ictimaiyyəti özünə güldürməkdən başqa bir işə yaramır."
"Eleqant kostyumlar altında neo-cəhalət"
Tarixçi pafoslu görünüşün arxasında fərqli yanaşmanın dayandığını qeyd edərək bildirib ki, çağdaş dövrün acı gerçəyi neo-cəhalətin eleqant kostyumlar altında özünü büruzə verməsidir:
"Beş çağırış millət vəkili nişanını döşünə taxmış Fazil Mustafanın qəşəng kostyum qarderobu var və görünür, hər dəfə onlardan birini geyinib xalqın tarixi və milli dəyərlərinə qarşı etdiyi çıxışlar öz qulağına hədsiz xoş gəlir. Özünə tənqidi fikir deyənlərə 'qaragüruh', 'savadsız' yarlığı yapışdıran bu insan əks-arqument gətirə bilmədikdə reallıqdan uzaq qeybət xarakterli fikirlər söyləməkdən çəkinmir."
Rəsulzadə və Nuri Paşa ilə bağlı iddialara cavab
Fazil Mustafanın onu M.Ə.Rəsulzadəyə və Nuri Paşaya qarşı olmaqda ittiham etməsinə toxunan Ceyhun Bayramlı bu iddiaların tamamilə uydurma olduğunu bildirib:
"Məni Rəsulzadəyə qarşı mövqe tutmaqda ittiham edən bu millət vəkili yəqin ki, 'Tarix və Milli Kimlik Kanalı'nda illər öncə paylaşılmış M.Ə.Rəsulzadə ilə bağlı video-süjetlərimdən xəbərsizdir. Tövsiyə edirəm ki, öncə mətn müəllifi özüm olan bu video-süjetlərə gözlərini ovuşdurub baxsın, sonra fikir yürütsün. Həmçinin məni Nuri Paşaya qarşı uyğunsuz ifadələr işlətməkdə ittiham etməsi də eyni dərəcədə gülüncdür. Məni tanıyan hər kəs bilir ki, hər il 15 sentyabrda Nuri Paşa Killigilin ruhuna itfhafən statuslar paylaşır, hətta Bakıda onun abidəsinin açılmasını təklif edirəm. Quru divara palçıq yapışmır, Fazil bəy, bu atdığınız güllələr də əvvəlkilər kimi içiboş çıxdı."
Tarixçi 31 Mart soyqırımı barədə illər öncə dediklərinə də aydınlıq gətirib: "31 Mart soyqırımından sonra Şaumyan və Bakı Sovetinin təslim olmaq barədə ultimatumuna Rəsulzadənin məcburiyyətdən qol çəkməsini bir azərbaycanlı olaraq zəif mövqe kimi qiymətləndirib qəbul etmədiyimi bildirmişəm, indi də o fikrimdə qalıram. Bu fikirdə böyük Məmmədəmin Rəsulzadəni ittiham edəcək heç bir şey görmürəm."
"Fətəli Xan Xoyski 31 mart qırğınları zamanı Bakıda yox, Tiflisdə idi"
Ceyhun Bayramlı deputatın Fətəli Xan Xoyski haqqında səsləndirdiyi fikirlərdə də ciddi tarixi yanlışlığa yol verdiyini diqqətə çatdırıb:
"Fətəli Xan Xoyskini 31 Mart hadisələrinə hardan gətirib calaq edirsiniz və mənim guya onu ittiham etdiyimi iddia edirsiniz? Həmin dövrü bilən hər kəs bilir ki, 1917-ci ilin sonlarından 1918-ci ilin aprelinədək Bakı Şəhər Dumasının sədri vəzifəsini formal daşımış Fətəli Xan 31 Mart qırğınları zamanı ümumiyyətlə Bakıda deyildi, Tiflisdə idi. Zaqafqaziya Seymində müsəlman fraksiyasının nüfuzlu üzvü kimi Seymin 3 aprel 1918-ci il tarixli iclasında sərt şəkildə Bakı qırğını məsələsini qaldırmış və müsəlman əhalisinin müdafiəsi üçün Bakıya dərhal hərbi qüvvə göndərilməsini tələb etmişdi. Tələbi yerinə yetirilməzsə, Seymin müsəlman nazirlərinin hökumətdən çıxacağını bildirmişdi. Bunları məgər bilmirsiniz? Fətəli xanın 31 Mart hadisələrində nə iştirakı olub ki, ona kimsə ittiham irəli sürə?"
Rəsulzadənin Səfəvilər mövqeyi və Şah İsmayıl irsi
Tarixçi bildirib ki, M.Ə.Rəsulzadə şəxsiyyətinə hörmət bəslədiyini deyən Fazil Mustafa Rəsulzadənin Azərbaycan Səfəvilər dövləti və Şah İsmayıl haqqında yazdığı yüksək fikirlərin üstündən sükutla keçir və Səfəviləri "fəlakət tariximiz" kimi yozmağa çalışır:
"Rəsulzadənin 'Türki-Tacidar' deyə yüksək qiymət verdiyi Şah İsmayıl şəxsiyyətini hər fürsətdə aşağılamaq cəhdləriniz ictimaiyyətdə tariximizə və şəxsiyyətlərimizə olan baxışlarınızın yetərincə ayağı sürüşkən olması qənaətini yaradıb. Bundan isterika keçirib hər önünə çıxanı 'qaragüruh' və 'savadsız' adlandırmaqdansa, dönün özünüzü təftiş edin. Azərbaycanın şiə inanclı milyonlarla vətəndaşını təhqiramiz formada 'siğədən əmələ gələnlər' adlandıran, bir vaxtlar Fətullahçılara məxsus tədris müəssisələrinin alovlu müdafiəçisi olan birinin tənqidlərə qıcıqla reaksiya verməsi bir millət vəkilinin cılızlığının və tənəzzülünün təzahürüdür. Təəssüf ki, şəxsi supermarket olaraq açdığı partiyasının adına 'Böyük' sözünü qaynaq eləməklə böyük düşüncə ortaya çıxarmaq olmur."
Anti-Səfəvi tezisləri və "Güntay Cavanşir" tənqidi
Ceyhun Bayramlı Fazil Mustafanın Səfəvilər dövlətinə qarşı mövqeyini neo-xilafətçi və neo-osmanlıçı dairələrin şablon tezisləri kimi qiymətləndirib:
"Səfəvilər tarixi ilə bağlı bilgisizliyiniz və Mənuçöhr Cavanşir (Güntay Cavanşir, Ülgen Tölge, Güntay Gəncalp, Güntay Tölge) kimi şizofreniyanın yüksək stadiyasında olan bir məxluqun elmilikdən uzaq diletant iddialarına söykənib onunla həmrəylik nümayiş etdirməyiniz anti-Səfəviçi xətt tərəfdarlarının ictimai rəydə içiboş qazan kimi səs çıxarmaqdan və ucuz şou yaratmaqdan başqa bir şey olmadığını sübut edir. Bu insanların Səfəvi dövləti ilə müasir İran dövlətini bir-birinə calaq etməsi və Səfəvisevərlərə 'xomeyniçi' damğası vurması, eynilə tarixçi E.Nəsirovun XVI əsrin Şah İsmayıl Səfəvisini aparıb XI əsrin fars Büveyhilərinə 'yapışdırmaq' cəhdi kimi anaxronizmdən başqa bir şey deyil. Utanmasan, oynamağa nə var ki."
Tarixçi vurğulayıb ki, məzhəblə təriqəti ayırd edə bilməyən birinin Səfəviləri teokratik məzhəb dövləti qurmaqda ittiham etməsi başqa bir problemdir. O qeyd edib ki, deputatın xatırlatdığı XXI əsrin vəhabi İŞİD-çiləri də Şah İsmayıl və Qızılbaş dövlətinə münasibətdə eyni anti-Səfəvi mövqeyini bölüşürlər.
"Səfəvişünaslıq alimlərinin imzası bu millət vəkilindən dəfələrlə ağırdır"
Açıqlamasının sonunda Ceyhun Bayramlı dövlətçilik mövqeyinə diqqət çəkərək qeyd edib:
"Azərbaycanda ən azı 70 ildir mövcud olan Səfəvişünaslıqda Fazil bəyin fiziki ağırlığı qədər monoqrafiyalar, məqalələr, dissertasiyalar yazmış onlarla tarixçi-alimin imzası bu millət vəkilindən və onun kimi düşünən 5-3 adamdan ağır gəlir. Yeri gəldi-gəlmədi iddiaların önünə 'dövlətimizin maraqları' sözünü əlavə etmək həmin iddiaların subyektivliyini gizlətmək cəhdidir. 'Partiya sədri', 'fəlsəfə doktoru', 'millət vəkili' adlarının kölgəsində daldalanıb ermənilərin 'Azərbaycan adı 1918-ci ildə yaranıb' iddiasını təkrar edən birinin dövlət maraqlarından danışması gülüş doğurur."
Tarixçi əlavə edib ki, dövlətimizin maraqlarını təmsil edən Prezident İlham Əliyev, eləcə də Ulu Öndər Heydər Əliyev və əvvəlki dövlət başçıları Şah İsmayılın abidəsini ziyarət edərək onun şəxsiyyətinə yüksək qiymət veriblər. Səfəvi-Qızılbaş dövlətini Azərbaycan milli dövlətçilik tarixinin məhək daşı hesab edənlərə "qaragüruh" damğası vurmaq Milli Məclisdə komitə sədri olan bir şəxsə heç bir halda başucalığı gətirmir.
Hazırladı:
Aida