TDT-nin Zirvə görüşündə İlham Əliyevin fikirləri Türk dünyasının gələcəyi üçün önəmli tezislərdir

Qazaxıstanın Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin çıxışındakı fikirlər Türk ölkələrinin gələcək strateji istiqamətinə hesablanmış önəmli tezislərdir.

Bu sözləri “Konsensus”a açıqlamasında AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov bildirib.

Akademik qeyd edib ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatı daxilində nümayiş etdirdiyi fəal və prinsipial mövqe təşkilatın daha da güclənməsinə xidmət edir və rəsmi Bakının bu istiqamətdə irəli sürdüyü təşəbbüslər strateji baxışın real addımlarla müşayiət olunduğunu göstərir.

Onun sözlərinə görə, Türk dünyasının XXI əsrdə qlobal siyasi və iqtisadi proseslərdə təsir gücünə malik mühüm mərkəzlərdən birinə çevrilməsi ideyası üzv dövlətlər arasında əməkdaşlığın daha da genişlənməsini zəruri edir. Bu əməkdaşlıq yalnız siyasi münasibətlərlə məhdudlaşmır, eyni zamanda iqtisadi əlaqələrin, ortaq layihələrin və humanitar bağların möhkəmlənməsinə də töhfə verir.

Yaqub Mahmudov vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin inkişafı ortaq tarix, mədəni irs və qarşılıqlı maraqlar əsasında yeni geosiyasi əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır.

Tarixçi-alim hesab edir ki, Prezident İlham Əliyevin çıxışı Türk dünyasında həmrəyliyin gücləndirilməsi, ümumi məqsədlərin müəyyən olunması və gələcək nəsillər üçün davamlı əməkdaşlıq platformasının qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. O əlavə edib ki, Azərbaycan bu prosesdə təşəbbüskar rolunu davam etdirərək regionda sabitlik və inkişafın möhkəmlənməsinə öz töhfəsini verir.

16.05.2026 12:10