"The Guardian": Aİ Britaniyanın vahid mal bazarı ilə bağlı təklifini rədd edib

Böyük Britaniya hökumətinin ikitərəfli münasibətləri dərinləşdirmək məqsədilə Avropa İttifaqına (Aİ) etdiyi vahid mal bazarı yaratmaq təklifi qəbul olunmayıb.

Konsensus.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti öz mənbələrinə istinadən xəbər yayıb.

Qeyd olunur ki, Brüssel Londonun bu təklifinə cavab olaraq krallığın Aİ-nin Gömrük İttifaqına və ya Avropa İqtisadi Zonasına qoşulmasını irəli sürüb. Lakin bu alternativ variant Britaniya hökumətini qane etməyib.

Qeyd edək ki, Baş nazir Kir Starmerin rəhbərlik etdiyi Leyboristlər Partiyası seçkilərdə Aİ-yə yenidən qayıtmamaq, vahid bazara və gömrük birliyinə qoşulmamaq öhdəliyi ilə qələbə qazanmışdı.

Nəşr yazır ki, K. Starmer hökumətinin irəli sürdüyü model faktiki olaraq sabiq Baş nazir Tereza Meyin (2016–2019) vaxtilə müdafiə etdiyi təşəbbüslə eynilik təşkil edir. T. Mey də öz dövründə Britaniya və Aİ arasında malların hərəkəti üçün vahid qaydaların hazırlanmasını istəyirdi.

Brüssel hesab edir ki, Londona güzəştə getmək ittifaq daxilində avroskeptiklərin mövqeyini gücləndirə bilər. Xüsusilə Fransada yaxınlaşan prezident seçkiləri ərəfəsində belə bir addımın yerli sağçıların əlinə kozır verəcəyindən ehtiyat edilir.

Uğursuzluğa baxmayaraq, Britaniya rəhbərliyi müəyyən strateji sahələrdə — xüsusilə ərzaq və enerji sektorunda Aİ-nin vahid bazarına çıxış əldə etmək ümidini itirməyib.

Bu mövzuların yaxın vaxtlarda keçirilməsi planlaşdırılan Böyük Britaniya-Aİ sammitində müzakirə olunacağı gözlənilir. Sammitin dəqiq tarixi hələ təsdiqlənməsə də, qəzetin məlumatına görə, tədbir böyük ehtimalla 13 iyulda baş tutacaq. Görüş çərçivəsində tərəflərin baytarlıq məhsullarının sadələşdirilmiş ticarətinə dair saziş imzalayacağı gözlənilir.

22.05.2026 23:19