Tramp ABC və NBC kanallarının lisenziyasını ləğv etdirir?

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp onun seçki təhlükəsizliyi mövzusundakı çıxışını efirə verməyən televiziyaların lisenziyalarının ləğv edilməsini istəyir. Tramp öz müraciətində bilavasitə ABC və NBC rəhbərliklərini hədəfə alaraq, bu kanalları seçki saxtakarlıqları barədə faktları ört-basdır etməkdə günahlandırıb.

Konsensus.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

"Feyk xəbərlər istehsal edən ABC və NBC bu müraciəti yayımlamayacaqlarını açıqladılar. Çünki mövzunun nə olacağını əvvəlcədən bilirdilər. Belə bir fırıldaqçı yanaşma həmin kanalların lisenziyalarının əlindən alınması ilə nəticələnməlidir", - deyə D.Tramp bildirib.

Qeyd edək ki, CNN və NBC telekanalları prezidentin çıxışının birbaşa yayımından imtina ediblər. Ağ Ev rəhbəri öz çıxışında Çinin 2018 və 2020-ci illərdə ABŞ-də seçkilərə müdaxilə etmək üçün milyonlarla seçici faylına qanunsuz yolla daxil olduğunu iddia edirdi. CBS və "Fox News" telekanalları müraciəti qismən efirə verib, NBC və ABC isə onu yalnız öz striminq platformalarında yayımlayıblar.

Mövcud qanunvericiliyə əsasən, ABŞ telekanalları dövlət başçısının praym-taym vaxtındakı müraciətlərini canlı yayımlamaq məcburiyyətində deyillər. Media qurumları tərəfindən oxşar addımlar əvvəllər də atılıb. Belə ki, 2014-cü ildə NBC, CBS və ABC kanalları Barak Obamanın immiqrasiya mövzusundakı nitqini yayımlamaqdan imtina ediblər, 2022-ci ildə isə bəzi kanallar Co Baydenin demokratiyaya yaranan təhlükələr barədəki müraciətini efirə verməyiblər.

17.07.2026 13:18