Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür

5 iyun Milli Qurtulu Günü ilə yanaşı daha bir əlamətdar hadisə ilə tarixə keçmişdir. Belə ki, 2021-ci il iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində yeni bir səhifə açdı. Sənəd iki qardaş ölkə arasındakı strateji tərəfdaşlığı rəsmi şəkildə müttəfiqlik səviyyəsinə yüksəltdi və regionun gələcək siyasi mənzərəsini müəyyənləşdirən əsas sənədlərdən birinə çevrildi.

Azərbaycan və Türkiyə münasibətlərinin kökləri təkcə diplomatik əlaqələrə deyil, ortaq tarixə, dilə, dinə və mədəniyyətə söykənir. Ulu öndər Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamı uzun illər bu münasibətlərin ideoloji əsasını təşkil edib. Şuşa Bəyannaməsi isə bu ideyanın hüquqi və siyasi təsdiqi kimi qiymətləndirilir.

Sənədin Şuşada imzalanması xüsusi rəmzi məna daşıyır. Şuşa 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan tarixi qələbənin simvoluna çevrilib. Məhz bu şəhərdə imzalanan bəyannamə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindən sonra regionda yaranmış yeni reallıqların təsdiqi idi.

Bəyannamə siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, humanitar və mədəni əməkdaşlıq sahələrini əhatə edir. Sənədin ən mühüm məqamlarından biri təhlükəsizlik məsələləridir. Burada qeyd edilir ki, tərəflərdən birinə qarşı təhdid yarandığı halda, iki dövlət qarşılıqlı məsləhətləşmələr aparacaq və zəruri yardım göstərəcək.

Bu müddəa Azərbaycan-Türkiyə münasibətlərinin artıq təkcə dostluq deyil, real müttəfiqlik mərhələsinə daxil olduğunu göstərir. Dünyada çox az ölkə arasında bu qədər dərin və çoxşaxəli münasibətlər mövcuddur.

Şuşa Bəyannaməsi iqtisadi əməkdaşlığın genişləndirilməsini də nəzərdə tutur. İki ölkə arasında ticarət dövriyyəsinin artırılması, investisiyaların təşviqi, nəqliyyat və logistika layihələrinin həyata keçirilməsi əsas prioritetlər sırasındadır.

Sənəd eyni zamanda Türk dünyasının inteqrasiyası baxımından da mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Türkiyə yalnız ikitərəfli münasibətləri inkişaf etdirməyi deyil, bütün türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsini də qarşılarına məqsəd qoyurlar.

Bəyannamə beynəlxalq hüququn prinsiplərinə əsaslanır və regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasını hədəfləyir. Bu baxımdan sənəd yalnız iki dövlət üçün deyil, bütövlükdə Cənubi Qafqaz üçün yeni geosiyasi reallıqlar yaradan strateji sənəd hesab olunur.

Bu gün Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının ən mühüm siyasi sənədi kimi tarixə düşüb və gələcək onilliklərdə iki ölkənin münasibətlərinin əsas yol xəritəsi olacaq.

Rüfət

Konsensus.az

14.06.2026 23:10