
Vaşinqton Federal Məhkəməsi ABŞ paytaxtının ən böyük teatr-konsert kompleksinin adının dəyişdirilməsinə qadağa qoyub, həmçinin obyektin genişmiqyaslı yenidənqurma proqramını dondurub.
Konsensus.az xəbər verir ki, müvafiq qərar dairə federal hakimi Kristofer Kuper tərəfindən qəbul edilib.
Sözügedən qətnamə birbaşa Con Kennedi adına İfaçılıq İncəsənəti Mərkəzinə şamil olunur. Xatırladaq ki, 2025-ci il dekabrın 18-dən etibarən bu mədəniyyət müəssisəsinin adı rəsmi olaraq Con Kennedi və Donald Tramp adına İfaçılıq İncəsənəti Mərkəzi kimi dəyişdirilmiş və özündə iki ABŞ prezidentinin adını birləşdirmişdi. Fəaliyyəti federal hökumətin nəzarətində olan və Vaşinqtonda tez-tez "qeyri-rəsmi Mədəniyyət Nazirliyi" adlandırılan kompleksin bu ilin iyul ayında təxminən iki illik təmirə bağlanması planlaşdırılırdı.
Lakin cari ilin mart ayında ABŞ-nin bir neçə tarixi və memarlıq təşkilatı mərkəzin idarəedicilər şurasına qarşı məhkəmə iddiası qaldırıb. İddiaçılar müdafiə tərəfinin ABŞ Konqresinin icbari razılığını almadan və müəyyən edilmiş federal yoxlama prosedurlarını pozaraq hərəkət etdiyini əsas gətiriblər. Ağ Ev isə öz növbəsində bu cür ittihamları əsassız hesab edir.
"Məhkəmə müəyyən edib ki, idarəedicilər şurası Kennedi Mərkəzinə prezident Trampın adını müstəqil şəkildə verməklə öz səlahiyyətlərini aşıb. Mərkəzə bu ad vaxtilə Konqres tərəfindən verilib və onu dəyişmək hüququ yalnız Konqresə məxsusdur", — deyə hakim Kuperin qərarında vurğulanıb.
Sənəddə həmçinin kompleksin administrasiyasından bina üzərinə yerləşdirilmiş və Trampın adının çəkildiyi bütün yazıların iki həftə ərzində sökülməsi tələb olunur.