
Mayın 30-u Azərbaycan ədəbiyyatı bədii təfəkkürünün ən parlaq simalarından biri, dahi şair, satirik və ictimai xadim Mirzə Ələkbər Sabirin doğum günüdür. O, təkcə şeirləri ilə deyil, bütöv bir millətin cəhalətdən oyanışı üçün apardığı qələm savaşı ilə tarixdə silinməz iz qoyub.
Konsensus.az xatırladır ki, Ələkbər Zeynalabdin oğlu Tahirzadə 1862-ci ildə qədim mədəniyyət mərkəzi olan Şamaxıda anadan olub. Atası kiçik sahibkar idi və oğlunun gələcəkdə ticarətlə məşğul olmasını, yaxud dini təhsil almasını istəyirdi. Məhz bu səbəbdən, Sabir səkkiz yaşına çatanda onu mədrəsəyə qoyurlar. Lakin gənc Ələkbərin qəlbindəki elm və poeziya sevgisi aşıb-daşırdı və mollaxananın məhdud çərçivəsinə sığmırdı.
Onun taleyində və yaradıcılığında dönüş nöqtəsi böyük maarifçi, şair Seyid Əzim Şirvaninin açdığı yeni üsullu məktəbə ("Məclis") daxil olması ilə başlayır. S.Ə.Şirvani gənc Sabirin istedadını ilk kəşf edən şəxs olur, ona fars və ərəb dillərini mükəmməl öyrədir, klassik Şərq ədəbiyyatı ilə yaxından tanış edir və onu ilk şeirlərini yazmağa həvəsləndirir.
"Molla Nəsrəddin" dövrü və satira inqilabı
Sabir yaradıcılığının ən parlaq dövrü XX əsrin əvvəllərinə, xüsusən də 1906-cı ildə nəşrə başlayan məşhur "Molla Nəsrəddin" jurnalı ilə bağlıdır. Cəlil Məmmədquluzadə ilə çiyin-çiyinə addımlayan şair, "Hophop", "Ağlar güləyən", "Məlhəm", "Boynu buruq" kimi onlarla gizli imza ilə dövrün ən ağrılı problemlərini ifşa edirdi.
Sabir poeziyasının əsas hədəfləri bunlar dini pərdə altında xalqı aldadan riyakar ruhanilər, elmsizlik və fanatizm, fəhlə və kəndlilərin istismar olunması, varlı təbəqənin millətin dərdinə biganəliyi, Şərq qadınının cəmiyyətdən təcrid olunması, təhsildən yayındırılması.
Onun məşhur "Millət necə tarac olur-olsun, nə işim var?!" yaxud "Görmə! – Baş üstə! Eşitmə! – Canım fəda!" kimi misraları dövrün acı reallıqlarını güzgü kimi əks etdirən sarsıdıcı satira nümunələri idi.
Sabirin sağlığında öz kitabını çap etdirməyə maddi imkanı çatmamışdı. Yalnız vəfatından bir il sonra – 1912-ci ildə xanımı Billurnisə xanımın, dostu Abbas Səhhətin və digər maarifpərvər ziyalıların köməkliyi ilə şairin bütün irsi toplanaraq "Hophopnamə" adı altında işıq üzü gördü. Bu kitab bu gün də hər bir azərbaycanlının stolüstü kitabıdır.
Ağır ömür, ölməz irs
Böyük mütəfəkkirin həyatı heç də asan keçməyib. Maddi sıxıntılar, mühafizəkar mühitin təzyiqləri və təhdidləri onu ömrünün sonunadək təqib edib. Ağır qaraciyər xəstəliyindən əziyyət çəkən şair, 1911-ci il iyulun 12-də cəmi 49 yaşında vəfat edib və Şamaxıda "Yeddi Günbəz" qəbiristanlığında dəfn olunub.
Ölüm ayağında olarkən belə yumorundan qalmayan şair bu məşhur beyti yazmışdı:
"İstəyirəm rəhm edə rəhman mənə, Leyk bu dərd eyləyir elan mənə,
Deyrə qayıtmaq daha imkan deyil, Gəldi gedər fəsli, canım, can mənə..."
Mirzə Ələkbər Sabir sadəcə bir dövrün şairi deyil. Onun bədii dili, ironiyası və xalq sevgisi Azərbaycan ədəbiyyatında bütöv bir məktəb yaratdı. Bu gün onun adını daşıyan şəhər, rayon, bağ və heykəllər dahi sənətkara olan ümumxalq məhəbbətinin ən bariz nümunəsidir.