
Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Azərbaycanın qlobal nəqliyyat və loqistika xəritəsindəki strateji roluna toxunub.
Konsensus.az xəbər verir ki, dövlət başçısı ölkəmizin dənizə birbaşa çıxışı olmamasına baxmayaraq, həyata keçirilən yüksəksəviyyəli diplomatik fəaliyyət və uğurlu infrastruktur layihələri sayəsində qitələri birləşdirən nəqliyyat dəhlizləri açdığını bildirib.
Şərq-Qərb dəhlizinin hazırda uğurla fəaliyyət göstərdiyini vurğulayan Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı qətiyyətli mövqeyini ifadə edib: "Şübhəsiz ki, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizi də inşa ediləcəkdir".
Dövlət başçısı qeyd edib ki, bu layihə Amerika Birləşmiş Ştatlarının Prezidenti, Ermənistanın Baş naziri və Azərbaycan Prezidenti tərəfindən Ağ Evdə imzalanmış sənədə əsaslanır və bu addımlar regionun gələcəyi üçün böyük bir sərvətdir. (AZƏRTAC)